Sentyabr 17, 2026

Özbəkistan “ŞƏT – 2040” konsepsiyasının hazırlanmasını təklif edib

shavkat

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “ŞƏT – 2040: ümumi inkişaf məkanı” konseptual baxışının işlənib hazırlanmasına başlamağı təklif edib.

Todays.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları Şurasının Bişkekdə keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, konsepsiyanın əsas məqsədi investisiyaların, texnologiyaların və biliklərin sərbəst mübadiləsinin aparıldığı, iri infrastruktur və sənaye layihələrinin həyata keçirildiyi, habelə regionlar, biznes və insanlar arasında birbaşa əlaqələrin genişləndiyi qarşılıqlı əlaqəli və dayanıqlı məkanın formalaşdırılması olmalıdır.

Ş.Mirziyoyev həmçinin xüsusi iqtisadi zonaları, istehsal proseslərini, satış bazarlarını və logistikanı birləşdirəcək ŞƏT Sənaye Kooperasiyası Xəritəsinin işlənib hazırlanmasını təklif edib.

Bundan başqa, Özbəkistan ŞƏT İnkişaf Bankının praktiki fəaliyyətinə start verilməsini və nəqliyyat, energetika, sənaye kooperasiyası və rəqəmsal infrastruktur sahələrində prioritet layihələr portfelinin formalaşdırılmasına başlanılmasını zəruri hesab edir.

Süni intellektin inkişafı məqsədilə Özbəkistan ŞƏT-in Açıq Çoxdilli Məlumat Korpusunun formalaşdırılmasını və gələn il Daşkənddə süni intellekt və yeni rəqəmsal həllər üzrə ŞƏT Forumunun keçirilməsini təklif edib.

Ş.Mirziyoyev həmçinin iqlim çağırışları məsələləri üzrə ŞƏT mexanizminin yaradılmasını, təşkilata üzv dövlətlərin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın təsis edilməsini və ŞƏT-Əfqanıstan müntəzəm dialoqunun bərpa olunmasını təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir