Azərbaycanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 400 mindən çox şəxs qəbul edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 400 866 şəxs qəbul edilib və onlara 658 137 sayda xidmət göstərilib.
Bu barədə Todays.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 54,8 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
– Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
– Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
– Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
– “ASAN İmza” sertifikatlarının verilməsi;
– Vergi ödəyicilərinə arayışların verilməsi;
– Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
– Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
– Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
– Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 20,6 min sayda yazılı müraciət cavablandırılıb, 18,5 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 3 971 vergi ödəyicisinin iştirakı ilə 285 görüş keçirilib, 4 883 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3,3 milyon SMS göndərilib.



