MDM-in “Clearstream” və “Euroclear”da hesablarının açılması müzakirə edilib
Milli Depozit Mərkəzinin (MDM) “Clearstream” və “Euroclear”da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyəti və növbəti mərhələləri müzakirə edilib.
Todays.az bu barədə MDM-ə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elçin Əlizadə və onun müşaviri Müşfiq Əhmədli İsveçin paytaxtı Stokholmda keçirilmiş “PostTrade 360° 2026” tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan “Clearstream” və “Euroclear”ın rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
